Çemponluğun taleyini müəyyənləşdirən matça komandalar demək olar ki, optimal heyətlə çıxdı. Ancaq qələbə haqda düşünən lənkəranlılar gözlənildiyi kimi ilk dəqiqələrdən təşəbbüsə yiyələndi. Bunun məntiqi nəticəsi idi ki, qol özünü çox gözlətmədi. Artıq beşinci dəqiqədə Eldənizin əllə oynaması komandasına baha başa gəldi. Cərimə zərbəsini ustalıqla yerinə yetirən Emin vacib oyunda hesabı açmağa nail oldu. Rəqib oyunçuların yol verdiyi kobud səhvlərdən maksimum yararlanan lənkəranlılar çox keçməmiş hesab arasındakı fərqi artırmaq fürsətini qaçırmadı. Zaurun sol cinahdan ötürməsini Rəşad birbaşa tora qovuşdurdu. "Gilan" "Xəzər-Lənkəran"a çoxları tərəfindən gözlənilən müqaviməti göstərə bilməyincə qonaqlar daha bir dəfə fərqlənməklə çempionluğunu elə ilk hissədə rəsmiləşdirdi. Bu dəfə Abdullayev çempionatın ən sərrast oyunçusu Zauru zərbə mövqeyinə çıxarmaqla borcundan çıxdı. Fasilədən sonra oyunun gedişində ciddi dönüş olmadı. Mircavadov daha çox müdafiəyə fikir verərək əks-hücum taktikasına üstünlük verdiyi halda, Məmmədovun dəyişikləri "Gilan"ı məğlubiyyətdən xilas edə bilmədi. Elə bunun nəticəsi idi ki, çox sönük keçən ikinci hissədə qapılara qol vurulmadı. ...və necə qutladı Əvvəlki mövsümlərdə də çempionluğa yaxın olan, amma arzusunu həyata keçirə bilməyən lənkəranlılar nəhayət üçüncü cəhddə qızıl medallara sahib çıxmağı bacardı. Artıq oyunun başa çatmasına dəqiqələr qalarkən Lənkərandan gələn beş yüzə yaxın tərəfdar havaya rəngli tüstülər buraxan fişənglər yandırmaqla, atəşfəşanlıqla ilk çempionluğu bayram etməyə başladı. Babək Quliyevin final fiti səslənən kimi isə bütün azarkeşlər stadiona tökülərək səbəbkarlarla çempionluq sevinclərini bölüşməyə tələsdi. Futbolçular və azarkeşlər baş məşqçini başı üzərinə qaldırmağı da yaddan çıxarmadı. Amma oyunçuların çoxu paltardəyişmə otağına tələsdi. Orada çempionluq şərəfinə hazırlanan xüsusi şampan şərabında "yuyunan" "Xəzər-Lənkəran" üzvlərinin sevincini görməyə dəyərdi. Təxminən iyirmi dəqiqə sürən bayram şadyanalağından sonra stadionu tərk edən çempion komanda bunu İsmayıllıdakı "Qrin haus" restoranında da qeyd etdi. Orda diqqətimizi çəkən əsas məqam tanınmış müğənni Baloğlan Əşrəfovun klubun baş direktoru Tuyqun Nadirova zəng edərək komandanı təbrik etməsi oldu. Restoranın həyətində təşkil olunan ziyafət məclisində isə Mircavadovun tostu daha diqqətçəkən oldu. Çempionluğu komandanın rəhbərliyinin əməyi hesab edən baş məşqi əməyi keçən hər kəsə təşəkkürünü bildirməklə yanaşı bütün "Xəzər-Lənkəran"sevərləri təbrik etməyi də yaddan çıxarmadı. Ramiz Məmmədov, "Gilan"ın baş məşqçisi: "Rəqibi çempionluq münasibətiylə təbrik edirəm. Hansı komandayla oynadığımızı bilirdik. Ancaq bu o demək deyildi ki, "Xəzər-Lənkəran"a rahat təslim olacağıq. Sadəcə, səviyyə fərqi sözünü dedi". Ağasəlim Mircavadov, "Xəzər-Lənkəran"ın baş məşqçisi: "Futbolçular özləri də bilirdi ki, bu gün meydana nə üçün çıxır. Yəni hər kəs məsuliyyətini başa düşürdü deyə artıq tapşırığa ehtiyac yox idi. Şükürlər olsun ki, onlar vəzifələrinin öhdəsindən layiqincə gəldi və çempion olduq. Bu qələbə bütün "Xəzər-Lənkəran"sevənlərindi. Başda Mübariz müəllim olmaqla hər kəsi ürəkdən təbrik edirəm. Əvvəlki çemponluqlar kimi bu da mənim üçün çox əzizdi".
|